Tarkan Formula 1-in konsert proqramının hedlayneri olacaq
Bugün Baku City Circuit (BCC) şirkəti Bakıda 23 -25 iyun tarixlərində keçiriləcək ikinci Formula 1 uik-end yarışlarında dünya ulduzu Tarkanın konsert proqramı ilə çıxış edəcəyini elan edir. Cümə günü axşam (23 iyun) Türkiyənin ən məşhur ifaçıları Formula 1-in əsas səhnəsində çıxış edəcəklər.
Almaniyada doğulmuş və Türkiyədə böyümüş Tarkan 29 milyon albom və sinql satışı həyata keçirib. Bu, olduqca böyük göstəricidir, belə ki, müğənni öz 20 illik karyerasında cəmi bir neçə ingiliscə mahnı yazdırıb. Tarkan Avropadan Asiyaya, Avstraliyadan Latın Amerikasına qədər geniş auditoriya kütləsinin sevgisini qazanıb.
Formula 1 yarışının bütün azarkeşləri 23 iyun axşamını səbrsizliklə gözləyir. Gecədə Tarkan enerji dolu unudulmaz şou və könül oxşayan musiqilər bəxş edəcək və Formula 1 Azərbaycan Qran Prisinin ilk gününə rəng qatacaq.
Tarkanın konsert proqramının aparıcı müğənnisi olduğu haqqında BCC direktoru Arif Rəhimov belə deyir: "Dünyada uğurlu ifaçılar az deyil, amma müxtəlif mədəniyyətə malik milyonlarla insanın qəlbini fəth etmək hər kəsə nəsib olmur. F1 azarkeşlərini unudulmaz uik-end, tam adrenalin və əyləncə gözləyir. Bizim gözəl şəhərimizdə auditoriyanı Tarkandan daha yaxşı əyləndirə biləcək bir ifaçı təsəvvür edə bilmirəm. Elə buna görə də bilet əldə etməyə tələsin!"
Qran Pri F1-ə bilet əldə edən hər kəs dünya ulduzlarının konsertinə giriş əldə edəcək. 4 günlük yarış uik-endinə sadəcə üç günlük yarış deyil, həm də əyləncəli proqramlarda, favoritlərin avtoqraf sessiyalarında və 22 iyun, cümə axşamı günü pit-leyndə xüsusi təşkil edilmiş gəzintidə iştirak etmək imkanı daxildir.
Satışda istənilən tribunaya 2-16 yaş uşaqlara nəzərdə tutulmuş biletlər də daxil olmaqla müxtəlif kateqoriyalar üçün biletlər var.
Növbəti Bakı F1-nin başlanmasına 2 aydan az müddət qaldığı bir vaxtda Baku City Circuit şirkəti bütün dünya üzrə F1 azarkeşlərinə müraciət edərək www.bakucitycircuit.com saytına daxil olub bilet əldə etməyə çağırır!