Heydər Əliyev parkı
Bakının ən gözəl parklarından biri şəhərin mərkəzində, Bakı Musiqi Akademiyasının yanında və H.Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev adına parkdır. Heydər Əliyevin 82 illiyi günü burada Heydər Əliyevin heykəli daxil olan memarlıq kompleksinin açılışı baş tutdu. Kompleks üzərində Moskvanın baş rəssamı İqor Voskresenskinin rəhbərliyi ilə Rusiya memarları və heykəltaraşları çalışmışlar. Abidənin ümumi hündürlüyü 12 metr, postamentsiz fiqurun hündürlüyü 5 metrdən hündürdür. Park bütünlüklə yenidən bərpa edildi və Heydər Əliyev Muzey -park kompleksi adlandırılmağa başladı.
Burada səkkizguşə (Azərbaycanın milli rəmzi) formasında üç yeni fəvvarə düzəldilib. Fəvvarələr kompüterlər vasitəsilə idarə olunur. Onların üzünə çəkilmək üçün Çindən 50 ton qranit gətirilmişdi. Kompleksin 23 min kv. metrlik böyük bir hissəsi Rusiya, Braziliya, İtaliya, Türkiyə və Qazaxıstandan gətirilən mərmər daşlarla örtülüb. Güllər və yaşıl qazon Hollandiyadan gətirilib. Axşam saatlarında kompleksə xüsusi gözəllik verən yeni işıqlandırma sistemi qurulub. Parkda fəvvarələr işləyir. Burada həmçinin Gül Bayramı kimi şəhər tədbirləri keçirilir.