Xocalı parkı
Xocalı parkı "Xətai" metrosunun yanında salınıb. Parkda Xocalı qurbanlarına həsr edilmiş abidə ucaldılıb. Abidənin müəllifləri -heykəltaraş Teymur Rüstəmov, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovdur. Yenidən bərpa edilmiş abidənin açılış mərasimi 2008-ci il 26 fevral tarixində baş tutmuşdur. Abidənin yerində 1993-cü ildə ucaldılmış başqa bir monument dayanırdı. Köhnə abidə tələsik hazırlanmışdı və o, bütün faciəni əks etdirmirdi. Buna görə də onu dəyişmək qərarı qəbul edildi. Yeni abidə ölçüsünə görə əvvəlkindən xeyli hündürdür. Əgər köhnə abidə 4 metr idi isə, indi abidə postamenti ilə birlikdə 9 metrdir. Heykəlin hündürlüyü isə 3 metr 20 sm.-dir. Yeni layihənin müəllifləri abidənin əsas kompozisiyasını saxlamışlar -gənc qadın başı üstünə qaldırdığı öldürülmüş uşaqla. Uzunluğu 1050 m, eni 25 m olan parkın xatirə xiyabanı boz-qara plitələrlə döşənmişdir.



