Pantomima Teatrı
Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycanda pantomima teatrının əsasını qoyan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə hərəkəti və xareoqrafıya" kafedrasının dosenti, Respublikanın Əməkdar Incəsənət xadimi Bəxtiyar Xanızadədir. O, 1987-ci ildə Sankt-Peterburq Dövlət teatr, Musiqi və Kinomatoqrafiya Akademiyasını bitirmişdir.
Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Respublikanın Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə "Dəli yığıncağı" Pantomima teatr-studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevdirmək kimi məsuliyyətli bir işi öz üzərinə götürüb.