Elan Sərgilər Əşrəf Murad: "Sevgi və etiraz" retrospektiv sərgi
Əşrəf Murad: "Sevgi və etiraz" retrospektiv sərgi

YARAT Müasir İncəsənət Məkanı, azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın ilk genişmiqyaslı muzey sərgisini təqdim edir. Həm Azərbaycanın, həm də xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlərdən toplanmış bu sərgi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. Bir çox əsərlər geniş ictimaiyyətə ilk dəfə təqdim olunacaq. Sərgi, 50-dən çox əsər ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

Əşrəf Muradın 1950-ci illərin sonlarından başlayaraq ölümünə qədər (1979-cu il) yaratdığı əsərləri özündə cəmləşdirən ekspozisiya, sənətkarı möhtəşəm realist rəssam və dövrünün siyasi mühitinin həssas təfsirçisi kimi təqdim edir. 

1954-cü ildə Əşrəf Murad İ.Y.Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini başa vurduqdan sonra Bakıya dönür. Rus realist məktəbinin ən yaxşı ənənələrində işləyən rəssamın rəngkarlıq tərzi hələ tələbəlik illərində müəllimləri tərəfindən yüksək qiymətləndirilirdi. Onun 1957-60-cı illərdə yaratdığı bir sıra böyük ölçülü tarixi mövzulu tabloları ("Qriboyedov və Bakıxanov", "Vətənimiz", "Azadlığa cəhd") Azərbaycanın geosiyasi mühitində faciəvi rol oynamış, bir xalqı iki yerə parçalamış Türkmənçay müqaviləsini vurğulayan, vətənpərvərlik əhval-ruhiyyəsindən bəhs edir. Rəssamın 1960-cı illərdə yaratdığı tabloları, nümunəvi texniki bacarıqlarından əlavə, yüksək rəng duyumu və dövrü üçün qeyri-adi olan müəllif mövqeyini ifadə edirdilər. 1970-ci illərin əvvəlində Əşrəf Muradın həyatında baş vermiş faciəli hadisə onun gələcək yaradıcılıq yolunu həll etmiş oldu. Rəssamın bundan sonraki iztirablı və qapalı həyatı birbaşa olaraq yaradıcılığında əksini tapdı. Rejim üçün səciyyəvi, işıqla dolu, parlaq süjet-tematik rəsm əsərləri, indi melanxolik və dramatik çalarlara boyandı. Rəssamın parlaq palitrası tünd, kompozisiyaları isə lakonik, monumental, ümumiləşdirilmiş və kətanın ölçülərinə görə hiperbolik oldu. Bu dövrdə əsasən iki janr – portret və natürmort – üzərində işləyən rəssamın kompozisiyaları yüksək daxili gərginlik hissi, sirr qalan mistik qüvvə və dəhşətli soyuqluq təəssüratı yaradırlar. Onlar dramatik və həyəcanlı, gərgin və boğulmuş, sanki digər reallığın varlığından bəhs edirlər. Onun rejim rəhbərlərinin portretləri, idmançı obrazları və natürmortları sovet mövzularına aid olsa da, sovet anlayışlarından çox uzaq idilər. Rəssamın yaratdığı, sanki zülmətdən "səssiz" hayqıran rejim və ideologiya liderlərinin portretləri mütləq hakimiyyət və zülmkarlıq mövzuları ətrafında birləşir. Sənətkar sovet həyatının qaranlıq tərəfini əks etdirərək, onun üzərinə ağır yük kimi qoyulmuş sosial realizmin repressiv ehkamlarına qarşı itaətsizliyini işıqlandırırdı. Rəssamın mövzularındakı gizli eyhamları ideologiya, rejim və onun əsaslarına qarşı etirazlar kimi qəbul etmək olar. 
XX əsrin ən vacib Azərbaycan rəssamlarından olan Əşrəf Murad incəsənətin inkişafına əvəzsiz töhfələr verdi və növbəti nəsil rəssamlar üçün əsl ilham mənbəyinə çevrildi. O, həyatı boyu heç bir zaman rəsmi olaraq tanınmadı və ilk fərdi sərgisi onun ölümündən sonra, yalnız 1984-cü ildə keçirildi.

Sərgidə Əşrəf Muradın R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqında, Müasir İncəsənət Muzeyində (Bakı), Nar qalereyasında, eləcə Fərhad Əhmədovun, Fərhad Xəlilovun, Rəşad Babayevin, Elçin Səfərovun, Xəyyam Mirzəzadənin kolleksiyalarında yer almış əsərləri və Ramiz Abutalıbovun, Rafael Gülməmmədovun və Vüqar Muradovun arxivlərindən rəssama aid materiallar nümayiş olunur.

Sərginin kuratoru Fərəh Ələkbərlidir

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi haqqında

Heydər Əliyev Fondu tərəfindən yaradılmış, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin açılışı 2015-ci ilin iyun ayında baş tutub. 26 may 2018-ci il tarixində isə YARAT Müasir İncəsənət Məkanı, bu muzeydə "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı ilk sərgini təqdim etdi. Ekspozisiyaya ümumilikdə Azərbaycan mədəniyyətinin qızıl fondunu təşkil edən 23 tanınmış Azərbaycan rəssamının əsərləri daxil edilmişdi. İncəsənət sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüşlər sayəsində sərgiyə gələn ziyarətçilər muzeydə təqdim edilən sənətkarların həyat yolları və yaradıcılıqları haqqında daha geniş məlumat almaq imkanını əldə etdilər. Tanınmış rəssamların rəhbərliyi altında həm uşaqlar ("Little Master"), həm də böyüklər üçün ("Özünü kəşf et) keçirilən ustad dərsləri, iştirakçılara öz yaradıcılıq potensiallarını üzə çıxarmağa və təsviri incəsənətin əsaslarını mənimsəməyə kömək etdi. Muzeyin zallarında isə klassikadan roka qədər ən müxtəlif janrlar və istiqamətlərdə musiqi tədbirləri keçirildi. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.




16 Марта - 16 Июня
Sərgilər



Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

Milandan yeni hit

Roker Milan Məmmədov öz YouTube kanalında, son albomdan, məşhur şair Nüsrət Kəsəmənlinin sözlərinə bəstələdiyi yeni mahnısını təqdim edib.

ARTIM: Murad Əkbərli "Cənub adət-ənənələri" ustad dərsi

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar həqiqətlər" sərgisi çərçivəsində rəssam Murad Əkbərli tərəfindən cənub adət-ənənələri mövzusunda ustad dərsinə dəvət edir.

YARAT Freestyle: Xoreoqrafiya və gimnastika üzrə ustad dərsi

Əgər siz xoreoqrafiya və gimnastikanın əsasları haqqında geniş məlumat əldə etmək istəyirsinizsə, əgər sizə rəqsə yeni başlayanların şpaqata necə oturması, öz bədən elastikliyini necə inkişaf etdirməsi maraqlıdırsa, buyurun, fevralın 14-ü, gənc və istedadlı rəqqas Fərid Kazakovun keçirəcəyi ustad dərsinə qatılın!