"Zamanın izləri" səyyar sərgi

  • 26.07.2017
  • 5080

  • Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanı "Zamanın izləri" adlı səyyar sərgini Sumqayıt şəhərində təqdim edir.

28 iyul – 1 oktyabr
Sərginin açılışı: 28 iyul, saat 16:00
Sumqayıt Dövlət Rəsm Qalereyası
Ünvan: Nəsimi adına Dənizkanarı istirahət parkı
Giriş sərbəstdir


"Zamanın izləri" adlı sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir. Sərgi nəzərdən qaçırılmış və instənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır.

Rusiyalı Olqa Çernışovanın "Ekranlar" adlı video əsərlər silsiləsində gündəlik həyatın adi, önəmsiz hadisələrini əks etdirərək, bəsitliyi poetik ölçüyə gətirib çıxarır. Bunun üçün o, həyatın təsadüfləri barədə düşüncələrini paylaşır və ya buludları seyr edərək onları nəyəsə bənzədir.

Azərbaycan rəssamı Fərid Rəsulovun "Ətalət" adlı video əsəri qəssabın necə ət doğradığını təsvir edir. Çəkilmiş videonu geriyə hərəkətləndirmək vasitəsilə ekranda ətin doğranması yerinə, əksinə, doğranmış ət parçaları birləşib bütöv qoyun olurlar. Görüntülər bizim qavrayışımıza dair suallar doğurur və öyrəşdiyimiz bir hadisənin ekzistensialist anlamını alt-üst edir. Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır.

Sərgidə Fərid Rəsulovun yaratdığı "Memarlıq dixatomiyası" silsiləsinə daxil olan bir əsəri də nümayiş olunur. Həmin silsilədə heykəltəraşlıq əsərləri köhnəni yeni ilə, keçmişi indiki zamanla birləşdirməklə, rəssamın yaşadığı şəhərdə dəyişmə modulunu əyaniləşdirir.
Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır.

İlkin Hüseynovun "Rəngləri xatırlayaraq" foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti təsvirlərini əl ilə rəngləmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.

Oxşar sıxışma hissi gürcü rəssamı Koka Ramişvilinin "Çay", "Qəhvə" və "Süd" videolarında ifadə olunur, burada üzü görünməyən personajlar süfrə başında oturaraq dayanmadan fincana nəsə süzürlər. Hərdən adama elə gəlir ki, onların süzdüyü maye öz hədəfindən – fincandan yan keçib düz süfrəyə tökülür, hərdən isə, "Süd" videosunda olduğu kimi, həqiqətən də süzülən mayenin süfrədə heç bir hədəfi yoxdur. Mayelər, sanki, sehrli bir dairəyə tökülüb qalır, görünməz çərçivədən kənara çıxmır, yerə dağılmırlar. Bu əsərlər post-sovet Gürcüstanı metaforik tərzdə təsvir edirlər: hərəkət varsa da, yalnız zahiridir, çox vaxt illüziyadır, bir irəliləyişə gətirib çıxarmır, çox vaxt məqsədsiz və mənasızdır.

Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” foto silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda üslübünda çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir.

Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsi, rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

Orxan Hüseynovun “Sovetski atelyesi” videosu Bakının keçmiş Sovetski küçəsinə həsr olunub. Sovetlər dönəmində SSRİ-nin bütün şəhərlərində bu adda bir küçə olmalı idi. Rəssam öz video əsərində bu Bakı məhəlləsinin meydana çıxardığı özünəməxsus adət və qaydaları, onların təşkil etdiyi qəribə mədəniyyəti, onun xüsusi bir abı-havasını əks etdirir.

Gənc fotoqraflar nəslinin nümayəndəsi Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi ana bətnindəki dölün qız olduğu müəyyən olunduqda abort qərarının verilməsi halları hədəfə alır. Fotoqraf qadınlara qarşı kəskin gender bərabərsizliyi və ayrıseçkilik barədə, eləcə də Qafqaz mədəniyyətində qədimdən bəri rastlaşan belə halların məyusedici nəticələri barədə məlumatlandırmanı artırmağa çalışır.

Faiq Əhməd qədim xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək, xalçaçılıq estetikasını yenidən kəşf edib onu müasir mədəniyyətin tərkibində yerləşdirir. O, toxuculuq prosesini hissələrə bölüb ayırır, hazır xalçanın adi ikiölçülü, yastı görünüşünü dəyişib onu üçölçülü, həcmli şəkildə təqdim edir.

Sərgidə rəssam Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli nümayiş olunur. Poeziyaya pərəstiş ifa edən və bütpərəstlik toteminə bənzəyən “Poetik heykəl” əsərin üstündə qara ləkələrə bənzəyən heroqliflər yazılıb.

Ekspozisiyada nümayiş olunan bütün əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Sərginin iş rejimi: Bazar ertəsi – bazar, saat 9:00 – 18:00

Ətraflı məlumat üçün:
Hökümə Kərimova
Tel: +994 50 274 67 44
Email: hokuma.k@yarat.az



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.