Məmmədhüseyn Hüseynovun “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı
Xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu
“Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı
7 mart 2018, 15:00
Azərbaycan Xalça Muzeyi
Martın 7-də Azərbaycan Xalça Muzeyində xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri iştirak edəcəklər.
“Pazırık xalısı. Rəmzlər dünyası” kitabında Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunur. Kitabın müəllifi M. Hüseynov dörd hissədən ibarət olan bu kitabda Pazırık xalısının tarixi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırmışdır.
Pazırık xalısının araşdırılması ilk gündən aktualdır. Bu xalı son 50-60 ildə müxtəlif, bir-birini təkzib edən, mübahisələr yaradan fikirlərin yaddaşlarda formalaşması ilə xalçaşünaslıqda özünəməxsus yer tutur. Kitabda türkdilli xalqların xalça sənəti nümunələrindəki naxış və motivlərlə Pazırık xalısı elementlərinin arasındakı oxşar xüsusiyyətlərin incələnməsi müşahidə edilir.