"Nar bağı" filminin prodüseri Əli İsa Cabbarovla müsahibə
Partlayış haqqında pıçıltı ilə: "Nar bağı" filmi ənənəvi Azərbaycan ailəsində qarşılıqlı münasibətlərin qaranlıq tərəflərinə nəzər salır
"Pərdə" Azərbaycan filmi nigaha qədər münasibətləri işıqlandırırdısa, "Nar bağı" filmi ənənəvi Azərbaycan ailəsində bəzədilmiş fasadın arxasında günah və ağrı dolu qarşılıqlı münasibətləri göstərir.
Bu "Pandora qutusu"nu açmaq təhlükəli deyilmi? CL Əli İsa Cabbarovla bu barədə danışdı:
Ə.C: Azərbaycan kinosunda ən böyük problem həyat həqiqətlərinin göstərilməməsidir. Bizim filmlərdə bu anı ekranda ötürə bilmirlər. "Nar bağı" filmi məhz belə xüsusiyyətlərə malikdir -o, tamamilə səmimidir. Film nar şirəsi ilə tanınan Göyçay rayonunun Bığır kəndində çəkilib. Yerli camaat filmdə baş verən hadisələrdən xəbər tutduqda, oxşar hadisənin orada yaşayan bir neçə ailədə baş verdiyini qeyd etdilər.
Qodarın belə bir sözü var: "Kino -saniyədə 24 dəfə doğrudur". Bu nöqteyi nəzərdən "Nar bağı" -sıçrayışdır. Bu, şişirdilmədən və bəzədilmədən göstərilən ailə dramıdır.
Filmin bədii potensialı üçün aktyor üçlüyü Qurban İsmayılov, İlahə Həsənova və Rövşən Kərimduxt da əlindən gələni edib. Aktyor oyunu xəttinə öz şəxsi yanaşması ilə rejissor İlqar Nəcəf də böyük təsir göstərib.
CL: Filmdə şok səhnələr görəcəyikmi?
Ə.C: Xeyr, bu olmayacaq. Film iddialı deyil. Rejissor İlqar Nəcəf filmin daxili vəziyyətini götürür. Bu daha yüksək rejissor pilotajıdır. Mən deyərdim ki, həddən artıq effektli kadrlar, təsirli səhnələr tamaşaçını müəllifin çatdırmaq istədiyi mövzudan uzaqlaşdırır.
Andrey Tarkovskinin "Solyaris" filmi üçün sifariş verdiyi güzgülü otaq haqqında fakt hər kəsə məlumdur. Deyilənə görə divarlar, döşəmə və tavan güzgü idi və görüntü çox təsirli idi. Lakin montaj otağına kolleqalar girib - "necə də gözəldir" deyəndən sonra Tarkovskiy heyfslənmədən bu kadrları sildi. Onun fikrincə tamaşaçılar qəhrəmanların və sujetin tematikası ilə kontaktda olmalıdır.
CL: İndi Azərbaycanda cəmiyyətimizdə ancaq pıçıltı ilə müzakirə olunan suallar qaldıran filmlər çəkmək tendensiya olub. Necə fikirləşirsiniz belə yanaşmaya səbəb nədir?
Ə.C: Kaş ki, bu, tendensiya halına gələrdi. Fikrimcə hələ tendensiya demək tezdir. On il əvvəl Azərbaycan ailələrində qız övladının istənməməsindən və bunun boşanma, intihar kimi faciələrə gətirib çıxarmasından danışan kəskin sosial sənədli film çəkmişdim. Problemi xarici ictimaiyyətin müzakirəsinə çıxarmaq üçün filmi Peterburqda kinofestivallardan birində göstərdik... Onda tam əmin oldum ki, müasir dünyada öz problemlərini cəsarətlə və səmimi şəkildə demək elə mədəniyyətin özüdür. Bu, hörmət qazandırır. Həyatı bəzəyərək, yalnız müsbət tərəflərini göstərmək isə yalnız istehzaya səbəb olur. Kino insan qəlbinin güzgüsü olmalıdır. Fikrimcə, kinomuzda həqiqəti söyləmək bacarığı hələ tendensiyaya çevrilməyib.
Dram janrında lentə alınan "Nar bağı" filminin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Decado